SEPAH rəsmisi: Qorxmadan əlləri tətikdə olan qüvvələr yetişdirilməlidir

İran İnqilab Keşikçiləri Korpusunun rəsmisi Hüseyn Təyyebifər SEPAH-da qorxmadan əlləri tətikdə olan qüvvələrin yetişdirilməsini istəyib.
İranın lideri Əli Xameneinin SEPAHdakı nümayəndəsinin müavini bu sözləri Xameneinin SEPAH-ın Ərdəbil əyalətindəki yeni nümayəndəsinin təqdimat mərasimindəki çıxışında bəyan edib.
O qeyd edib ki, bu qüvvələr hər zaman əlləri tətikdə İslam İnqilabının nailiyyətlərini, habelə dəyər və inanc təməllərini müdafiə etməlidirlər.
Təyyebifər həmçinin xarici xüsusi xidmət orqanlarının SEPAH-a sızmaları məsələsinə toxunaraq deyib ki, “heç bir virus və termitin SEPAH-a sızmasına icazə verilməyəcək”.
Xatırladaq ki, təxminən iki həftə öncə İbrahim Rəisi hökuməti “Silahlı Qüvvələri məmurlarının zəruri hallarda silah daşıması haqqında qanun”a düzəliş edilməsi ilə bağlı qanun layihəsini parlamentə göndərib.
Bu layihə təsdiq ediləcəyi halda ölkənin təhlükəsizlik qüvvələrinin, o cümlədən hərbi, polis və hökumət tərəfindən silahlandırılan mülki geyimlilərin silahdan istifadə səlahiyyəti daha geniş vüsət alır.
İranın siyasi, insan haqları və vətəndaş cəmiyyəti fəalları silahdan istifadəyə dair qanun layihəsinin dinc etirazçılara qarşı zorakılıq hallarının artmasına şərait yaradacağından narahatdırlar.