İranlı millət vəkili: “Əhalinin 80%-i VPN-lərdən istifadə edir

İran məclisinin nümayəndəsi ölkə əhalisinin 80%-nin telefonlarda VPN-dən istifadə etdiyini deyib.

Qulamrza Nuri Qızılca bildirib ki, bu rəqəm Avropa İttifaqı ölkələrində 10%-dən daha aşağıdır.

“Nə vaxta qədər texnologiya ilə mübarizə aparmağı düşünürük? Bir vaxtlar radio, televiziya, video aparatı və peyk antenası ilə mübarizə aparırdıq, qarşısını ala bildikmi? Texnologiyanın inkişafı ilə savaşmaq, onun qarşısını almaq və ona qarşı mübarizə aparmaq mümkündür?”, -deyə o əlavə edib.

Nuri Qızılca İranda internetin məhdudlaşdırılmasını nəzərdə tutan “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adlı qanun layihəsinin yenidən məclisdə müzakirə ediləcəyi məsələsinə toxunaraq bildirib ki, bu layihə internetdən istifadəni asanlaşdırmaq yerinə çətinləşdirir.

Kiberməkana nəzarətlə bağlı qanun layihəsinin hazırlanması ölkə rəhbəri Əli Xameneinin bundan öncə məsələ ilə bağlı sərt xəbərdarlıqlarından sonra, internet və sosial mediaya nəzarəti gücləndirmək məqsədilə hazırlanıb.

Bir sıra bəndlərinin hətta bəzi rəsmi qurumlar tərəfindən də tənqid edilən layihə son aylar insan haqları təşkilatlarının sərt reaksiyası ilə üzləşib.

Həmin təşkilatlar dəfələrlə sözügedən layihənin qüvvəyə minməsindən narahatlıqlarını  ifadə edərək bildiriblər ki, əgər layihə qüvvəyə minərsə, İranda insanların bir sıra fundamental hüquqları, o cümlədən söz azadlığı və şəxsi toxunulmazlıq hüququ pozulacaq.

İlgili xəbərlər