ABŞ İran karate komandasına “SEPAH-la əlaqələrinə görə” viza vermədi

Amerika hökuməti İranın karate üzrə milli komandasına Alabama əyalətində keçiriləcək beynəlxalq karate yarışlarına qatılmaq üçün viza verməyib.

Bu barədə milli karate komandasının kapitanı Zəbihullah Purşib mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, İran Karate Federasiyasının bütün səylərinə baxmayaraq, Amerika viza verməkdən imtina edib.

“Yaxın Şərqdə öldürülən amerikalı əsgərlərin qohumları və İranın müxalifləri İran komandalarında çox sayda İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri və tərəfdarlarının olduğuna inanırlar və bu səbəblə Bayden hökumətindən İran komandalarına viza verilməməsini istəyiblər”-deyə, “Faks News” yazıb.

Qeyd edək ki, İranın üç nəfərlik qadın basketbol komandası da viza problemi üzündən Asiya kuboku yarışlarında iştirak edə bilməyib.

Xatırladaq ki, bundan öncə Kanada ilə İran futbol komandaları arasında iyunun 5-də baş tutmalı olan yoldaşlıq görüşü də ləğv edilmişdi.

Görüşün keçiriləcəyi ilə bağlı xəbərlər yayılandan sonra həm İranın vurduğu Ukrayna təyyarəsində ölənlərin ailələri, həm də Kanadanın baş naziri bu qərarı tənqid etmişdi.

İlgili xəbərlər