Böyük Britaniya Tehrandakı səfirinin köməkçisinin saxlanılması ilə bağlı xəbərləri təkzib edib

İngiltərənin Tehrandakı səfiri Simon Shercliff, müavini Giles Whitaker-in təxminən 8 ay əvvəl İranı tərk etdiyini və onun saxlanılması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.

Səfir Shercliff, Twitter hesabında etdiyi paylaşımda müavini Whitaker-in İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılması xəbəri ilə bağlı açıqlama verib.

Shercliff, “Səfir müavinimizin hazırda həbsdə olması xəbəri çox maraqlıdır. O, görəvinin müddəti başa çatdıqdan sonra dekabr ayında İranı tərk edib,” deyə bildirib.

 

 

Britaniya Xarici İşlər Nazirliyi də bildirib ki, İranda Britaniya diplomatının saxlanılması ilə bağlı xəbərlər “tamamilə əsassızdır”.

İran mediası dünən Böyük Britaniyanın Tehrandakı səfirinin müavini Whitakerin raket sınağının keçirildiyi Kirman əyalətindəki qadağan zonada torpaq nümunələri götürdüyü səbəbi ilə saxlanıldığını iddia etmişdi.

SEPAH-a bağlı Fars və Təsnim xəbər agentliklərinin xəbərinə görə, casusluq ittihamı ilə saxlanılan xarici vətəndaşlar arasında Britaniya səfirinin müavinindən əlavə Avstriya mədəniyyət attaşesinin həyat yoldaşı və İranda turist kimi səfərdə olan Polşa vətəndaşı, Nikolaus Kopernik universiteti professoru Maçiek Valzak(Maciej Walczak), universitetinin Torpaqşünaslıq kafedrasının professoru Marcin Switoniak və Torpaq Elmləri fakültəsinin başqa professoru Charzynski Przemysław da var.

SEPAH-a yaxın Telegram kanalları mövzu ilə bağlı yaydıqları videoda “saxlanılan diplomatların” İranın raket sınaqları keçirdiyi ərazidə “casusluq” fəaliyyəti apardıqlarını iddia ediblər.

İran mediası ilk xəbəri yaydıqdan qısa müddət sonra ingiltərəli diplomatın “üzrxahlıq etdiyini” və İrandan qovulduğunu iddia edib.

Xəbərlərin heç birində saxlanılma zamanı ilə bağlı məlumat verilmir.

Ancaq Polşa öz vətəndaşının İranda həbs edilməsi ilə bağlı xəbəri təsdiq edərək, hadisənin 2021-ci ilin sentyabrında baş verdiyini bildirib.

Polşadakı Nikolaus Kopernik Universitetinin sözçüsü Martin Czyniewski isə bildirib ki, “Universitetin üç professoru 2021-ci ilin sentyabrında həbs edilib. Onlardan ikisi buraxılıb, ancaq Maçiek Valzak hələ də İranda həbsdədir”.

Maçiek Valzak

İlgili xəbərlər