İran rəsmisi: Bölgədə geosiyasi dəyişikliklərə gətirib çıxaran istənilən addıma qarşıyıq

İrəvana səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistan və Azərbaycan arasında hər iki ölkənin ərazi bütövlüyünün qorunması çərçivəsində aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

Admiral Əli Şamxani jurnalistlərə açıqlamasında İranın hazırkı hökumətinin qonşu və region dövlətləri ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinə dair “prinsipial siyasətinə” toxunaraq Ermənistana səfərini bu kontekstdə şərh edib.

Regiondaxili əməkdaşlıq yolu ilə bölgədə sülh və sabitliyin bərqərar olması üçün səylərin əhəmiyyətini vurğulayan Şamxani İslam Respublikasının 3+3 kimi formatları dəstəklədiyini bildirib.

O, İran İslam Respublikasının bölgədə geosiyasi dəyişikliklərə səbəb olacaq istənilən addımın əleyhinə olduğunu vurğulayıb.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bu gün səhər Ermənistan rəsmiləri ilə görüşmək üçün İrəvana gedib.

İran mətbuatının verdiyi məlumata görə, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi yollarını araşdırmaq, ən mühüm regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaq, regionda sabitlik və təhlükəsizliyi artırmaq üçün iki ölkə arasında əməkdaşlıq Şamxaninin səfərinin hədəflərindəndir.

İlgili xəbərlər