Rəsmi: Urmiya gölünün quruması 15 milyon nəfərin həyatını təhlükəyə salacaq

Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər üzrə Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Urmiya gölünün quruması ilə bağlı xəbərdarlıq edib.
Əhməd Bayburdi bildirib ki, Urmiya gölünün quruması nəticəsində ölkənin şimal-qərb bölgəsində yaşayan 15 milyon insan duz fırtınaları, əkin və bağ sahələrinin məhv olması kimi boranlarla qarşılaşacaq, insanlarda tənəffüslə bağlı xəstəliklər yayılacaq.
Bayburdinin dediyinə görə, hazırda Urmiya gölündə suyun səviyyəsi 1270.77 metrdir. Bu rəqəm ötən ilin oxşar dövrü ilə müqayisədə 66 santimetr azalıb.
Gölün sahəsi isə 2489 kvadrat kilometr olmaqla ötən ilə nisbətdə 1015 kvadrat kilometr kiçilib. Göldə mövcud olan su həcmi isə 3.11 milyard kubmetrdir. Bu rəqəm keçən ilin oxşar dövründə 5.29 milyard kubmetr olub.
“Quraqlıq, su və qar ehtiyatlarının azalması nəticəsində yay aylarında əhalini içməli və əkinçilik suyu ilə təmin etmək məqsədi ilə bəndlərdən Urmiya gölünə suyun buraxılması dayandırıldı. Bu, gölün su həcminin və sahəsinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələndi,” – deyə Bayburdi əlavə edib.
O, 8 il bundan öncə gölün bərpası üçün 27 başlıqda layihənin hazırlanaraq Urmiya Gölünün Bərpası Qərargahına göndərildiyini, ancaq bu günə kimi yalnız gölə su transferi ilə bağlı layihənin yarımçıq olaraq icra edildiyini və qalan 26 layihənin kənara atıldığını deyib.
Bu arada Güney Azərbaycanın Urmiya şəhərində Urmiya gölü ilə bağlı divarlara şüarlar yazılıb.
“Urmiya gölünün quruması = Azərbaycanın məhvi”, “Xiyavanlar bizimdir/Urmu gölü”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Yatan millət çəkər zillət” Qərbi Azərbaycan əyalətinin mərkəzində divarlara yazılan şüarlar sırasındadır.