Xüsusi təyinatlı qüvvələr Süngün mis mədənində tətil edən işçilərə hücum edib-VİDEO

İranın xüsusi təyinatlı qüvvələri Güney Azərbaycanın Süngün mis mədəninin tətil aksiyası keçirən işçilərinə hücum edib.

Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində yerləşən mədəninin işçilərinin aksiyası 3-cü günə daxil olub.

İşçilərin tətil etdiyi son üç gündə mədəndə fəaliyyətlərin bir hissəsi dayandırılıb. Təhlükəsizlik və hüquq-mühafizə orqanları fəalları sıxışdırıb həbs etməklə tətilə son qoymağa çalışır.

Bu gün səhər saatlarında bölgəyə çox sayda xüsusi təyinatlı qüvvələr yeridilib və bəzi işçilər saxlanılıb.

Rəsmi olmayan məlumata əsasən, daha əvvəl saxlanılan Vəliullah Mahmudi və Ərşəd Kazimpurun həbsindən sonra bu gün Cəfər Abbaspur, Mehrdad Münfərid, Səid Cabbarian, Fərzad Zalizadə və Xudayi adlı daha 5 etirazçı saxlanılıb.

Məlumatda saxlanılan narazı mədənçilərin Əhər zindanına aparıldıqları qeyd olunub.

İnsan haqları təşkilatları və işçi hərəkatı fəalları mədənçilərin kütləvi həbsi ehtimalı barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Süngün mədəni işçilərinin sayı təxminən 500 nəfərdir. Bu işçilərin iş təcrübəsi 15-20 il arasında olsa da, 3 aylıq müqavilələr əsasında 5 podratçı şirkətə işləyirlər.

İşçilərin iş saatları uzun, iş şəraiti ağır olduğuna baxmayaraq onlar ən aşağı əmək haqqı ilə, orta hesabla 5-7 milyon tümən (120-170 dollar) qarşılığında çalışırlar.

İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən  podratçılar tərəfindən istismar edildiklərini deyirlər.

Süngün mis mədəni Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindən 130 km aralıda, Vərziqanın dağıdılmış Süngün kəndində yerləşir.

Rəsmi rəqəmlərə görə, Orta Doğunun ən böyük mis mədəni kimi tanınan Süngün İranda istehsal edilən mis konsentratının yüzdə 30-nu təmin edir.

 

İlgili xəbərlər