İranın daxili işlər nazirinin sabiq müavini saxlanılıb

İranda tanınmış reformist siyasətçi, daxili işlər nazirinin keçmiş müavini Mustafa Taczadə saxlanılıb.

İran mətbuatının verdiyi məlumata əsasən, islahatçı siyasi fəal “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq” ittihamı ilə həbs edilib.

Taczadənin digər ittihamı isə “ictimai rəyi çaşdırmaq üçün yalan məlumatlar yaymaq”dır.

Taczadə reformist prezident Məhəmməd Xatəmi dövründə bir müddət daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

O, 2009-cu ilin iyununda prezident Mahmud Əhmədinejadın ikinci dönəm qələbəsindən bir gün sonra, seçkilərdə saxtakarlıqla bağlı keçirilən etirazların təşkilində ittiham edilərək həbs edilmişdi.

Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşmə” və “rejim əleyhinə təbliğat aparmaq”da təqsirli bilinərək 6 il həbs cəzasına məhkum edilən Taczadə 2016-cı ilə qədər Evin Həbsxanasında həbsdə olub.

2014-cü ildə hələ həbsdə olarkən yeni ittihamlarla üzləşib və daha 1 il həbs cəzası alıb.

O, keçən il prezident seçkilərində namizədliyini irəli sürsə də Konstitusiyaya Nəzarət Şurası tərəfindən diskvalifikasiya edildi.

İlgili xəbərlər