Yüzlərlə kinematoqraf və mədəni fəal məhbus kinorejissorların həbsini pisləyib

300-dən çox iranlı kinorejissor və mədəniyyət fəalı “Silahını yerə qoy” etiraz bəyanatını imzalayan kinorejissorlar Məhəmməd Rəsulof və Mustafa Al Əhmədin həbsini pisləyib.

Bəhram Beyzayi, Əsğər Fərhadi, Cəfər Pənahi, Babək Əhmədi, Rza Dormişian, Tərane Əlidusti, Əbdulrza Kahani kimi tanınmış kinematoqrafların imzaladığı bu bəyanatda Rəsulof və Al Əhmədin həbsi “planlaşdırılmış hücum” kimi qiymətləndirilib.

Bəyanatda həmçinin təhlükəsizlik təşkilatları və əlaqədar qurumlar “müstəqil və azad düşüncəli kinematoqrafçılara qarşı davamlı təzyiqləri göstərməkdə, onların ilkin fərdi və ictimai hüquqlarını pozmaqda” ittiham olunur və qınanır.

Bu arada, Berlin Beynəlxalq Film Festivalının rəhbərləri Marite Rizenbik və Karlo Çatrian da yaydıqları bəyanatda İran rəsmilərini Məhəmməd Rəsulof və Mustafa Al Əhmədi azad etməyə çağırıblar.

“Biz adıçəkilən kinematoqrafların həbs edilməsindən ciddi narahatıq. İncəsənət xadimlərinin zorakılığa qarşı dinc səylərinə görə tutulması şokedicidr”,- deyə, bəyanatda vurğulanır.

Qeyd edək ki, Rəsulof və Al Əhməd Abadan şəhərində Metropol binası çökəndən sonra etirazlar zamanı polisləri zorakılıqdan çəkinməyə çağıran “Silahını yerə qoy” etiraz bəyanatını tərtib etdikləri üçün həbs olunublar.

100-dən çox rejissor və kinematoqrafçının imzasını daşıyan bəyanat yayıldıqdan sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.

Sözügedən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

İlgili xəbərlər