Deputat Urmu Gölünün Bərpa Qərargahının fəaliyyətinin araşdırılmasını tələb edib

Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir azad Urmu gölünün Bərpa Qərargahının fəaliyyətinin araşdırılması layihəsinin hazırlandığını bildirib.

Deputat bildirib ki, layihə iyulun 12-də parlamentin açıq toplantısında səsə qoyulacaq və millət vəkillərinin səs verəcəyi təqdirdə məsələ ilə bağlı proses başladılacaq.

“Ardıcıl quraqlıqlar səbəbindən gölün suyunun səviyyəsi xeyli azalıb, ancaq Bərpa Qərargahı gölün qurumasının qarşısını almaq üçün milyardlarla tümən xərcləyib. Amma ortada heç bir nəticə görünmür. Ona görə də hesab edirik ki, Urmu Gölünün Bərpası Qərargahının fəaliyyəti və xərcləmələri araşdırılmalı, qiymətləndirilməlidir,”-deyə Mütəfəkkir Azad bildirib.

O qeyd edib ki, gölün qurumasının mənfi nəticələri göl ətrafındakı bölgələrdən başqa, Təbrizdən başlayaraq Tehrana qədər uzanacaq, 14 milyon insan duz fırtınaları təhlükəsi ilə qarşı-qarşıya qalacaq.

Deputat həmçinin gölün bərpası üçün nəzərdə tutulan və yarımçıq qalan  layihələrin tamamlanmasını istəyib.

İlgili xəbərlər