İranda siyasi həbslər davam edir

İranda təhlükəsizlik gücləri bir neçə siyasi fəalı, o cümlədən tanınmış kinorejissor Cəfər Pənahini həbs ediblər.
Məlumata əsasən, əslən Şərqi Azərbaycanın Miyana şəhərindən olan Pənahi iyulun 11-də Tehranın Evin həbsxanasının qarşısında saxlanılıb.
O, bir qrup kinematoqrafçı ilə birlikdə daha əvvəl saxlanılan kinorejissorlar Məhəmməd Rəsulof və Mustafa Al Əhmədin vəziyyətini öyrənmək üçün Evin həbsxanasının prokurorluğuna müraciət edib, lakin prokurorluqdan çıxdıqdan sonra həbs edilib.
Bundan əvvəl Pənahi də daxil olmaqla onlarla kinematoqrafçı bəyanat yayaraq kinematoqrafçılara qarşı davam edən repressiya və təzyiqləri qınayıb, Rəsulof və Al Əhmədin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdilər.
Cəfər Pənahi İranın məşhur və eyni zamanda narazı sənətçilərindəndir. O, filmlərində cəmiyyəti və hökuməti tənqid edir.
Məlumata əsasən, Cəfər Pənahi ilə yanaşı bu gün daha bir neçə siyasi fəal həbs edilib. Saxlanılanlar arasında 2019-cu il etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən fəalların ailə üzvlərinin olduğu bildirilir.
Son məlumatlara görə, 2019-cu il noyabr etirazlarında öldürülən Puya Bəxtyarinin anası və əmisi, eləcə də Pejman Qulipur, Nəvid Behbudi və İbrahim kitabdarın anaları və Vəhid Damvərin qardaşı saxlanılanlar arasındadırlar.