Qərbi Azərbaycanda yerli azərbaycanlılara atəş açılıb, 2 nəfər ölüb

Keçən həftə İran-Türkiyə sərhədi yaxınlığındakı Avacıq bölgəsindən olan 3 nəfər naməlum silahlılar tərəfindən atəşə tutulub.
Hadisə nəticəsində, illərdir ki, sərhəddən mal keçirməklə dolanan yerli əhalidən 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Ölənlərin yaxınları, hadisənin PJAK terror təşkilatının üzvləri tərəfindən törədildiyini deyirlər.
Yerli jurnalistlərin fikrincə, türklərin məskunlaşdığı Avacıq bölgəsinin yaylaqlarının bir hissəsi son bir neçə onillikdə Təbii Sərvətlər idarəsi tərəfindən mal-qara otarmaq üçün Boralan bölgəsinin kürd köçərilərinə verilib.
Hazırda həmin köçərilər yerli əhalinin həmin zonada sərhəddən mal keçirməsinə icazə vermir və bunu öz inhisarlarına keçirməyə çalışırlar. Bu isə keçən həftə baş verən insidentə gətirib çıxarıb.
Qeyd edək ki, Videoda da göründüyü kimi Avacıq əhalisi öz torpaqlarındakı yaylaqların onlara deyil, başqa bölgənin köçərilərinə verilməsinə etiraz edirlər.
Onlar həmçinin sərhəd ticarətinin Kürdüstan kimi əyalətlərdə qanuniləşdirildiyi halda Qərbi Azərbaycanda qaçaqmalçılıq sayılmasından narazıdırlar və bu ayrı-seçkiliyin sonlandırılmasını tələb edirlər.