ABŞ: İran Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya yüzlərlə PUA verməyi planlaşdırır

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan İranın Rusiyaya Ukrayna müharibəsində istifadə olunacaq yüzlərlə pilotsuz uçuş aparatı (PUA) tədarük etməyi planlaşdırdığını bildirib.
Rəsminin dediyinə görə, həmin PUA-lardan bəziləri döyüş qabiliyyətinə malikdir.
“ABŞ-a daxil olan məlumatlar göstərir ki, İran Rusiya qüvvələrinə pilotsuz təyyarələrdən istifadə etmək üçün təlim keçməyə hazırlaşır”, – Sullivan deyib.
Sullivan bildirib ki, İranın pilotsuz təyyarələri təhvil verib-vermədiyi bəlli deyil.
Amerika rəsmisi həmçinin İranın oxşar PUA-ları əvvəllər bu ölkənin Yəməndə dəstəklədiyi Husi üsyançılarına verdiyini və onlardan Səudiyyə Ərəbistanına hücum etmək üçün istifadə edildiyinə diqqət çəkib.