İran Məclisi Urmu gölünün Bərpa Qərargahı ilə bağlı layihəni təsdiqləyib

İran parlamenti bu gün Urmu (Urmiya) Gölünün Bərpa Qərargahının fəaliyyəti ilə bağlı araşdırma tələbini təsdiq edib.
Parlamentin açıq iclasında müzakirə olunan layihənin lehinə 182 deputat səs verdiyi halda, 15 deputat əleyhinə səs verib, 12 deputat isə bitərəf qalıb.
Layihənin müzakirəsi iclasında Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad bildirib ki, Urmiya gölü qurduğu təqdirdə Tehranın 7 qatı olan ərazi səhraya və şoranlığa çevriləcək.
“Bu o deməkdir ki, biz gölün ətrafında 600 kilometrlik məsafəyə qədər duz fırtınası ilə üzləşəcəyik və 14 milyon insan dəri və tənəffüs xəstəliklərinə, eləcə də xərçəng kimi xəstəliklərə məruz qalacaqlar. Bu gün gölün bərpası üçün vəsait ayırmasaq, daha sonra xəstəliklərin müalicəsi üçün vəsait ayırmağa məcbur olacağıq”, – deyə Mütəfəkkir Azad vurğulayıb.
Təbriz, Üskü və Tufarqan şəhərlərinin digər deputatı Məsud Pezeşkian isə Urmu gölünün bərpası ilə bağlı bütün işlərin yeni hökumət dövründə dayandırıldığını deyib.
“Gölün bərpası üçün bu bir ildə heç bir büdcə ayrılmayıb. Prezidentin gölün bərpası ilə bağlı dediklərinin heç biri icra edilməyib”,-deyə, millət vəkili iyulun 12-də parlamentin açıq iclasında çıxışı zamanı bildirib.
Bu arada bir sıra milli fəallar Urmiya şəhərində Urmu gölünün fotosu və ekoloji fəlakətlə bağlı şüarlar əks olunan afişalar yayıblar.
Xatırladaq ki, son günlər Güney Azərbaycanda hökumətin qurumaqda olan Urmu gölünə laqeyd münasibətinə etiraz olaraq davamlı şəkildə bənzər aksiyalar keçirilir.
Bu arada, xaricdə fəaliyyət göstərən bir neçə Güney Azərbaycan təşkilatı Urmu gölü ilə bağlı küçə etirazlarına çağırış edib.