Amerika nüvə sazişi iflasa uğrasa belə, SEPAH-ı “terrorçular” siyahısında saxlayacaq

İsrailə səfər edən Amerika prezidenti Co Bayden İsrailin “Kanal 12” televiziyasına verdiyi müsahibədə açıq şəkildə bəyan edib ki, İslam İnqilabının Keşikçiləri Korpusunun adı İranla nüvə anlaşmasının iflasa uğramasına səbəb olsa belə, ABŞ-ın terror qrupları siyahısından çıxarılmayacaq.

Aparıcının “Nüvə razılaşması uğursuzluğa düçar olsa belə, SEPAH-ı xarici terror təşkilatları siyahısında saxlamağa söz verirsiniz?” sualına Amerika prezidenti tərəddüd etmədən “bəli” cavabı verib.

Co Baydenin İranın nüvə silahı əldə etməyəcəyi ilə bağlı daimi zəmanət verməsinə işarə edən aparıcı ondan soruşub: “Bu məqsədə çatmaq üçün İrana qarşı güc tətbiq edəcəksiniz?” ABŞ prezidenti isə qısa cavabında deyib: “Əgər bu son çıxış yolu olsa, bəli”.

Bayden həmçinin, Amerika müttəfiqlərinin narahatlıqlarını aradan qaldıracağını və İranın nüvə proqramının təhlükəsi ilə bağlı onları arxayın salacağını vurğulayıb.

“Amerika eyni vaxtda İranla nüvə razılaşması üzərində çalışacaq və onun təhdidləri ilə də mübarizə aparacaq”-deyə, Bayden bildirib.

Əl-Ərəbiyyənin verdiyi xəbərə görə, Bayden İsrailə səfəri zamanı İsrail kəşfiyyatının İranın modern silahlar istehsalına dair hesabatından xəbər tutub.

Amerikanın prezidenti kəşfiyyat hesabatının məzmunu ilə tanış olduqdan sonra İranın nüvə bombası yaratmağa həmişəkindən daha yaxın olmasından narahatlığını bildirib.

Bu hesabatda İsrail kəşfiyyatının məlumatlarına istinadən İranın bölgədə özünə bağlı qüvvələri bir milyard dollar dəyərində silahla silahlandırdığı bildirilir.

İlgili xəbərlər