İran İraqdakı Bölgəsəl Kürd Yönətiminə terrorçularla bağlı xəbərdarlıq edib

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi ölkənin şimal qərbində terror qruplaşması üzvlərinin həbs edildiyi barədə məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, “separatçılara” bağlı 10 nəfərlik terror şəbəkəsinin bütün üzvləri saxlanılıb.

Açıqlamada bildirilib ki, onlara partlayış törətmək, ölkənin həyati əhəmiyyəti olan və iqtisadi mərkəzlərinə və obyektlərinə hücum etmək, yol bağlamaq və xalqdan, xüsusən də uğurlu yerli sahibkarlardan xərac almaq kimi tapşırıqlar verilmişdi.

Məlumatda qruplaşma üzvlərinin İraq Kürdüstanından ölkəyə keçərək Qərbi Azərbaycan əyalətində terror aktı həyata keçirməyi planlaşdırdıqları iddia olunur.

Bəyanatda həmçinin deyilir: “Bundan əvvəl İraq Kürdüstanı bölgəsinin rəsmilərinə dəfələrlə xəbərdarlıq edilib. Bir daha xəbərdarlıq edilir ki, terrorçu muzdluları, xalqın təhlükəsizliyi və əmin-amanlığının düşmənlərini bu bölgədən çıxarmaq və qovmaq üçün lazımı tədbirlər görülsün”.

Bu arada “İran Kürdüstan Demokratik Partiyası”nın hərbi qolunun məsulu xəbəri təkzib edərək iddia edib ki, nazirliyin bəyanatı “təzyiq, təhdid və daha çox edam mühiti yaratmaq” məqsədi ilə yayılan “saxta xəbər” xarakteri daşıyır.

İlgili xəbərlər