Minlərlə siyasi məhbusun qətlində əli olan Həmid Nuri ömürlük həbs cəzasına məhkum edilib

İsveç məhkəməsi İranda siyasi məhbusların edamında iştirak etməkdə günahlandırılan keçmiş prokuror köməkçisini ömürlük həbs cəzasına məhkum edib.

Həmid Nurinin 1988-ci ilin yay aylarında Kərəc şəhəri yaxınlığındakı Gövhərdəşt həbsxanasında baş verən edamlarda rolu olub.

Qeyd edək ki, İsveçdə ömürlük həbs 25 il həbs cəzasına bərabərdir.

1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub. Bu kütləvi edamlar zamanı nə qədər məhbusun öldürüldüyü hələ də dəqiq məlum deyil. Edam edilənlərin əksəriyyəti “Xalq Mücahidləri” adlı müxalif hərəkatın üzvləri olublar, amma əsasən sol təmayüllü digər bir sıra təşkilatların fəalları da edam edilib. Müxalifləri xüsusi məhkəmələr mühakimə edib və onların taleyini cəmi bir neçə dəqiqəlik dindirmə ilə həll ediblər.

60  yaşlı Həmid Nuri 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.  İddiaya görə, iranlı müxaliflər onu tələyə salmaq üçün İsveçdə qızlarla əyləncə və alkaqol vəd ediblər.

Bu gün keçirilən mətbuat konfransında, məhkəmənin hakimləri 1988-ci ildə siyasi məhbusların öldürülməsi zamanı böyük cinayətlərin törədildiyini və edamların ədalətsiz və qəbul edilmiş məhkəmə prinsiplərinə zidd şəkildə həyata keçirildiyini açıqlayıblar.

Nuri məhkəmədə bu edamlarda heç bir rolunun olmadığını və kimliyinin başqası ilə səhv salındığını iddia etmişdi.

Amma məhkəmə bəyan edib ki, araşdırmalar onun kimliyinin düzgün müəyyən edildiyini və edamlarda iştirak etdiyini göstərir.

Həmid Nurinin vəkilləri bu hökmə etiraz edə bilərlər. Bu halda Apellyasiya Məhkəməsi hökmə yenidən baxacaq.

Bu, ilk dəfədir ki, 1988-ci ilin yayında siyasi məhbusların edamında iştirak edən bir şəxs məhkəmə qarşısına çıxarılır və məhkum edilir.

İlgili xəbərlər