Rəsmi: Urmiya gölünün 95%-i quruyub

Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri deyib ki, Urmiya gölünün artıq 95%-i quruyub.

O bildirib ki, son 20 ildə Urmiya gölünün səviyyəsi hər il orta hesabla 40 sm azalıb.

Cəfəri əlavə edib ki, quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının plansız inkişafı və sudan düzgün istifadə edilməməsi gölün qurumasına səbəb olan amillərdir.

Bu arada, Qərbi Azərbaycanın Piranşəhr şəhərinin deputatı Kamal Hüseynpur Urmiya gölünün bərpası layihəsi çərçivəsində Zab çayından su çəkilişinə qarşı çıxıb.

“Gölə suötürücü tunelin tikintisindən sonra Piranşəhrdə yeraltı suların səviyyəsi azalıb, bulaqlar və quyular quruyub. Bir neçə onilliklər ərzində əkinçiliklə məşğul olan piranşəhrlilər bu gün bir çox problemlərlə üzləşiblər.

Piranşəhrlilər niyə bu böhranla üzləşməlidirlər?”-deyə, Hüseynpur İran parlamentindəki çıxışında bildirib.

Kürd dilli deputat, Urmiya gölünün bərpasına müsbət yanaşmalarına baxmayaraq, Zab çayından su çəkilişinin qəbul edilməz olduğunu söyləyib.

Qeyd edək ki, Kamal Hüseynpurun iddia etdiyi tuneldən bu günə kimi Urmiya gölünə bir damla belə su ötürülməyib və layihə yarımçıq qalıb.

Zab çayı suyunun tunellə Urmiya gölünə çəkilməsi layihəsi daha əvvəl də İraq Kürdüstanı rəsmilərinin etirazına səbəb olmuşdu.

Zab çayı İranın qərb zonasından başlayaraq, İraq kürd bölgəsinin ərazisindən keçərək Dəclə çayına tökülür.

İlgili xəbərlər