Süngün mis mədəninin 20 işçisi həbs edilib

Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün mis mədəni işçilərinin tətil aksiyasından sonra 20 işçisi həbs edilib.
Həbslər şirkətin rəhbərliyi və podratçı şirkətlərin dəstəyi ilə həyata keçirilib.
Aksiya ərəfəsində saxlanılanlarla birlikdə həbs olunanların ümumi sayı 28 nəfərə çatıb.
Məlumata əsasən, təhlükəsizlik qüvvələri keçən həftə işçilərin aksiya xəbərini yayan vərziğanlı jurnalist Behnam Zareini də həbs ediblər. Onun həbsi Süngün mis şirkəti rəhbərliyinin şikayəti əsasında gerçəkləşib.
Qeyd edək ki, Süngün mədəni işçilərinin sayı təxminən 500 nəfərdir. Bu işçilərin iş təcrübəsi 15-20 il arasında olsa da, 3 aylıq müqavilələr əsasında 5 podratçı şirkətə işləyirlər.
İşçilərin iş saatları uzun, iş şəraiti ağır olduğuna baxmayaraq onlar ən aşağı əmək haqqı ilə, orta hesabla 5-7 milyon tümən (120-170 dollar) qarşılığında çalışırlar.
İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən podratçılar tərəfindən istismar edildiklərini deyirlər.
Süngün mis mədəni Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindən 130 km aralıda, Vərziğanın dağıdılmış Süngün kəndində yerləşir.
Rəsmi rəqəmlərə görə, Orta Doğunun ən böyük mis mədəni kimi tanınan Süngün İranda istehsal edilən mis konsentratının yüzdə 30-nu təmin edir.