Tehrandan İran -Türkiyə ticarət əməkdaşlığının inkişafının vacibliyinə vurğu

İran-Türkiyə Birgə Ticarət Palatasının sədri Mehrdad Səadət Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Tehrana səfərinin əhəmiyyətini vurğulayaraq, bu səfərin iki ölkə arasında ticari əməkdaşlığın inkişafına müsbət təsir edəcəyini qeyd edib.

Səadət bu gün İranın dövlət xəbər agentliyi İRNA-ya verdiyi açıqlamada, Türkiyə prezidentinin Tehrana növbəti səfərinə toxunaraq deyib ki, səfərdə iki ölkə arasında ticarətin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Səadət həmçinin bildirib ki, İranın 13-cü hökuməti qonşularla ticarətə üstünlük verdiyi üçün Türkiyə ilə də ticarətin inkişaf edəcəyi gözlənilir.

O həmçinin, türk sərmayəçi şirkətlərin İrandakı problemlərinin həllinin vacibliyini vurğulayıb.

İran-Türkiyə Birgə Ticarət Palatasının sədri İran-Türkiyə tərcihli ticarət razılaşmasının həyata keçirilməsi ilə ikitərəfli ticarət həcminin 50 faizə qədər artacağına işarə edərək, qeyd edib ki, mövcud problemlərin həlli üçün iki ölkənin ortaq komissiyasının müntəzəm şəkildə qurulmasına ehtiyac var.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Vladimir Putin gələn həftə Tehrana səfər edəcəklər.

İlgili xəbərlər