Beynəlxalq Əfv Təşkilatı: Həmid Nuri barəsində verilən qərar ədalətin zəfər çalmasıdır

Beynəlxalq Əfv Təşkilatı Həmid Nuri barəsində ömürlük həbs cəzasının verilməsini ədalətin zəfər çalması yönündə misilsiz addım adlandırıb.

“Amnesty İnternational”ın bəyanatında deyilir: “Bu, gec olsa da, İran hökumətinə açıq mesajdır ki, insanlıq əleyhinə qarşı cinayətlər törədənlər ədalətdən yayına bilməzlər”.

BMT-nin İran məsələləri üzrə xüsusi məruzəçisi Cavid Rəhman da bəyanat yayaraq keçmiş prokuror köməkçisi Həmid Nurinin İsveç məhkəməsində mühakimə olunmasını alqışlayıb.

O, bəyanatın bir hissəsində, bu hökmü və İsveç məhkəməsinin prosesini “İran tarixinin qaranlıq bir hissəsində həqiqəti aşkar etmək üçün irəliyə doğru mühüm sıçrayış” kimi xarakterizə edib.

Cavid Rəhman başqa hökumətləri oxşar araşdırmalar aparmağa və İranda ciddi insan haqları pozuntularını təqib etməyə çağırıb.

Qeyd edək ki, İsveç məhkəməsi İranda siyasi məhbusların edamında iştirak etməkdə günahlandırılan Nurini ömürlük həbs cəzasına məhkum edib.

Onun 1988-ci ilin yay aylarında Kərəc şəhəri yaxınlığındakı Gövhərdəşt həbsxanasında baş verən edamlarda rolu olub.

Bu arada İran Xarici İşlər Nazirliyi İsveçin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, Nuri barəsində çıxarılan hökmə etiraz notası təqdim edib.

İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, nazirliyin üçüncü Qərbi Avropa idarəsinin rəisi İsveç məhkəməsinin İrana və ölkənin məhkəmə sisteminə qarşı bəyanatlarına “qəti etiraz” bildirib, çıxarılmış hökmü “qanunsuz və beynəlxalq hüquq normalarına zidd” adlandırıb.

İlgili xəbərlər