Urmiya gölü aksiyaları ilə bağlı onlarla fəal saxlanılıb -VİDEO

Dünən Urmiya şəhərində Urmiya gölünün quruması ilə bağlı etiraz aksiyası keçirilib.
Xaricdə fəaliyyət göstərən bir neçə təşkilatın dəvəti ilə keçirilən aksiyada yüzlərlə nümayişçi hökuməti Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımı tədbirləri görməməkdə günahlandırıblar.
Etirazçılar “Urmu gölü susuzdu”, “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” kimi şüarlar səsləndirib.
Güney Azərbaycanın müxtəlif şəhərlərində geniş şəkildə təhlükəsizlik qüvvələrinin küçələrə cəlb olunması diqqət çəkib.
Son bilgilərə görə, Təbriz, Urmiya, Miyandab(Qoşaçay) və Sulduz başda olmaqla Azərbaycan şəhərlərində 20-yə yaxın milli fəal saxlanılıb.
Təbrizdə saxlanılan fəallar bu gün ittihamlarının elan edilməsi üçün məhkəməyə aparılıblar.
Qeyd edək ki, Azərbaycanın böyük şəhərlərində Urmiya gölünün vəziyyətinə etiraz əlaməti olaraq dinc mitinqə çağırışlar olduqdan sonra təhlükəsizlik qüvvələri Təbriz və Urmiya şəhərlərində milli fəalları kəşfiyyat idarəsinə çağırıb təhdid etmişdilər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRANA xəbər agentliyinin məlumatına görə, iyulun 16-da Urmiya və Təbriz şəhərlərində çoxlu sayda türk fəal təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb.