İran rəsmisi: İlin ilk rübündə Türkiyəyə ixracat 192% artıb

İranın Gömrük sözçüsü Ruhullah Lətifi bildirib ki, bu ilin birinci rübündə(mart 21-iyun 21) İrandan Türkiyəyə ixrac 3 milyon 70 min tona və 1 milyard 737 milyon dollara çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 192 faiz dəyər artımına bərabərdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərindən əvvəl İran və Türkiyənin iqtisadi əlaqələri haqqında açıqlama verən Lətifi əlavə edib ki, “İranın Türkiyə ilə qeyri-neft ticarəti keçən il ciddi şəkildə yüksəldikdən sonra bu ilin ilk mövsümündə də artmağa davam etdi”.
Ötən il İran ilə Türkiyə arasında 19 milyon 500 min ton və 11.4 milyard dollar dəyərində əmtəə dövriyyəsinə diqqət çəkən Lətifi, bunun əvvəlki ilə nisbətən çəki baxımından yüzdə 73, dəyər baxımından isə yüzdə 64 artım göstərdiyini vurğuladı.
Ötən il İranın 6.1 milyard dollar dəyərində 15.7 milyon ton məhsulun ixrac etdiyini deyən rəsmi Türkiyədən idxal edilən malların çəkisinin 3.7 milyon ton, dəyərinin isə 5.3 milyard dollar olduğunu qeyd edib.
“Türkiyə həm idxal, həm də ixrac baxımından həmişə İranın ilk 4 ticarət ortağından biri olub və 2021-ci ildə İranın xariclə ticarətinin 11 faizi Türkiyə ilə olub”, -deyə o əlavə edib.
Lətifinin dediyinə görə, Türkiyəyə ixrac edilən əsas məhsullar heyvandarlıq və balıqçılıq məhsulları, çiçəklər və bitkilər, meyvə-tərəvəz, zəfəran və ədviyyatlar, ərzaq məhsulları, tütün və siqaretlər, tikinti materialları, mineral məhsullar, neft emalı məhsulları, kimyəvi maddələr, mətbəx əşyaları, dərman və səhiyyə məhsulları, sənaye məhsulları, polad məmulatları, geyim, dəri, çanta, ayaqqabı, iplik, parça, əl işləri, kənd təsərrüfatı maşınları, tibbi avadanlıq, mebel və idman məhsullarıdır.
Türkiyədən idxal edilən mallar isə dondurulmuş toyuq, müxtəlif toxumlar, lobya, banan, qəhvə, buğda, qarğıdalı, arpa, müxtəlif qida yağları, şəkər, sənaye maşınları, gübrə, təkər, taxta, kağız, elektron məhsullar, parça və sapdan ibarət olub.
Qeyd edək ki, sözü gedən məhsullar qeyri-neft sektorunda rəsmi ticarətə aiddir və qeyri-rəsmi şəkildə İrana gətirilən mallar, o cümlədən yüksək həcmdə geyim və paltar məhsullarını ehtiva etmir.