Rusiyanın Tehrandakı səfiri: Qərb İranda homoseksuallığı yaymaq istəyir, biz qarşı çıxırıq

Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryanın ölkənin reformistlərə yaxın “Şərq” qəzetinə verdiyi müsahibə iranlıların reaksiyasına səbəb olub.
Caqaryan müsahibəsində iddia edib ki, Qərb hökumətləri yalnız homoseksuallıq və digər “çox çirkin dəyərlərini” İrana gətirməyi hədəfləyir, lakin Rusiya buna qarşı çıxır.
O müsahibəsində həmçinin deyib ki, İran Buşehr nüvə stansiyasının inşasına görə Rusiyaya olan borcunu ödəməkdən imtina edir.
“İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Əli Əkbər Salehi bir neçə gün əvvəl bu borcun 500 milyon avro olduğunu deyib. Amma məbləğ bundan çoxdur. Bu baş verənlərə baxmayaraq və müqaviləyə görə, biz İranı tərk edə bilərdik, amma getmədik və burada qaldıq”, – deyə Caqaryan qeyd edib.
Nüvə müzakirələrində Moskvanın Tehranın yanında olduğunu deyən səfir həmçinin iranlılara tövsiyə edib ki, Qərbə inanmasınlar.
Səfirin açıqlamaları iranlı sosial media istifadəçilərinin etirazı ilə qarşılanıb.
Reformistlərin nəzəriyyəçilərindən olan Abbas Əbdi öz Tvitter hesabında yazıb:
“Səfirin öhdəliyi öz ölkəsinin maraqlarını təmin etməkdir, ona görə də bunu etməyə çalışır və heç bir problem yoxdur. Bu, spirtli içkilərdən çox istifadəyə görə həyata ümidin aşağı olduğu bir ölkənin səfirinin mənəvi mesajıdır.
Məqsədi ağlı gözündə olan neo-mühafizəkarların diqqətini cəlb etməkdir…”
Reformistlərə yaxın jurnalist Ehsan Budağı isə təpkisini bu cümlələrlə göstərib:
“Xatırlatma: Rusiya dünyada pornoqrafik məhsulların istehsalına görə altıncı yerdədir. Yaxşı olar ki, cənab səfir ilk növbədə öz ölkəsini düşünsün”.