Gazprom-la İran 40 milyard dollarlıq enerji anlaşması imzalayıb

İran Milli Neft Şirkəti və Rusiyanın dövlətin nəzarətində olan Gazprom enerji nəhəngi 40 milyard dollarlıq anlaşma memorandumu imzalayıblar.

İran mətbuatı bu anlaşmanı İranın neft sənayesi tarixində ən böyük xarici investisiya anlaşması adlandırıblar.

İran neft nazirliyinin SHANA xəbər agentliyinin məlumatına görə, bu gün imzalanan anlaşmaya əsasən, Gazprom Kiş və Şimali Pars ofşor qaz yataqlarının, eləcə də altı neft yatağının işlənməsində İran Milli Neft Şirkətinə dəstək göstərəcək.

Gazprom həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) layihələrinin tamamlanmasına, qaz ixrac kəmərlərinin çəkilməsinə cəlb ediləcək.

Rusiyanın enerji nəhəngi həmçinin Cənubi Pars qaz yatağında təzyiqin artırmasında İranlı tərəfdaşına kömək edəcək.

İran qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikinci yeri tutur. Ancaq ABŞ-ın sanksiyaları Tehranın qaz çıxarma texnologiyasına çıxışını önləyib, qaz ixracını səngidib.

İlgili xəbərlər