Xamenei PKK/YPG əleyhinə əməliyyata qarşı çıxdı

Prezident Rəcəb Təyyib Ərdoğan və İranın lideri Əli Xamenei Tehranda görüşüb.
Görüşdən sonra Xamenei Türkiyənin yaxınlaşan Suriya əməliyyatına qarşı qalmaqallı açıqlamalar verib. İran dövlət televiziyasının məlumatına görə, Xamenei prezident Ərdoğana Suriyada hərbi əməliyyata qarşı olduqlarını bildirib və “Suriyaya hər hansı bir hərbi hücum bölgəyə zərər verəcək və terrorçuların xeyrinə olacaq” deyib.
İran dövlət televiziyası bildirib ki, Əli Xamenei Suriya sammiti üçün Tehrana səfər edən prezident Ərdoğana Suriyaya hərbi hücumun regionda sabitliyi pozacağını deyib.
2016-cı ildən bəri Suriyanın şimalında dörd əməliyyat keçirən Türkiyə, sərhəd boyunca 30 kilometr dərinlikdə “təhlükəsiz zonalar”ı genişləndirmək üçün daha çox hərbi əməliyyatlara başlayacağını açıqlayıb. Ərdoğanın bu açıqlamaları regionda fəal olan ABŞ və Rusiyanın da reaksiyasına səbəb olub. Bu gün baş tutacaq danışıqlarda bölgədə daha bir fəal ölkə olan İranın Suriya üçün vasitəçilik etməyə çalışacağı açıqlanıb.