Xameneinin Ukrayna savaşı iddiası: NATO müharibə üçün bəhanə axtarırdı

İran lideri Əli Xamenei və Rusiya prezidenti Vladimir Putin arasında bu gün Tehranda görüş keçirilib.
İran liderinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Xamenei iki ölkə arasında uzunmüddətli əməkdaşlığın hər iki ölkə üçün son dərəcə faydalı olduğunu bəyan edib.
Qlobal ticarətdə dollardan imtina edilmənin zəruriliyini vurğulayan Xamenei, “dollar yavaş-yavaş qlobal ticarət yolundan çəkilməlidir” deyib.
Ukraynadakı müharibəyə toxunan Xamenei iddia edib ki:
“İran sadə insanların müharibədən əziyyət çəkməsindən qətiyyən sevinmir, lakin siz Ukrayna ilə bağlı təşəbbüsü ələ almasaydınız, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayardı. Əgər NATO Ukraynada dayandırılmasaydı, onlar Krımı bəhanə edərək eyni müharibəyə başlayacaqdılar”.
Xamenei Suriyadakı hadisələrlə bağlı isə “Suriyadakı digər mühüm məsələ də Fəratın şərqindəki münbit və neftlə zəngin ərazilərin amerikalılar tərəfindən işğal edilməsidir. Bu problem onların o bölgədən qovulması ilə həll edilməlidir” ifadələrini işlədib.
Rusiya prezidenti Putin isə Ukraynadakı müharibə ilə bağlı “heç kim müharibə tərəfdarı deyil və sadə insanların həyatını itirməsi böyük faciədir, lakin Qərbin rəftarı bizə reaksiya verməkdən başqa çarə qoymadı” deyib.
“Bəzi Avropa ölkələri Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduqlarını bəyan ediblər, lakin ABŞ-ın təzyiqi ilə bunu təsdiqləyiblər. Bu, onların suverenlik və müstəqillikdən məhrum olduğunu göstərir”, – deyə Rusiya rəhbəri iddia edib.
Qeyd edək ki, bir müddət əvvəl İranda keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Rusiyanın Ukraynana hücumu məsələsində İran əhalisi ölkə hakimiyyətindən fərqli olaraq Ukraynanı haqlı görür.
Sorğuda iştirak edənlərin yalnız 13%-i Rusiyanı haqlı gördüyünü halda, 35%-i Ukrayna tərəfini dəstəkləyir.