Aclıq aksiyasında olan milli fəal Təbriz zindanına köçürülüb

Güney azərbaycanlı siyasi məhbus Əkbər Əbülzadə aclıq aksiyasının 5-ci günündə Təbriz zindanına köçürülüb.
Bu barədə milli fəalın həyat yoldaşı Sara Xudakərəmi öz İnstagram səhifəsində məlumat paylaşıb.
Əkbər Əbulzadə məzuniyyət hüququndan məhrum edilməsi və ailəsinin təhlükəsizlik məmurları tərəfindən incidilməsinə etiraz olaraq iyulun 17-də Əhər zindanında aclıq aksiyasına başlayıb.
Əbulzadə 2015-ci ilin noyabrında Güney Azərbaycan şəhərlərində kütləvi anti-irqçi aksiyalar zamanı tutularaq məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi.
2015-ci ilində İran televiziyası Fitilə adlı uşaq proqramında türklərin təhqir edilməsinin ardından türk icmasının təpkisi ilə üzləşmişdi. İran televiziyası məsulları bu hadisə ilə əlaqədar üzr istəsələr də Azərbaycanın şəhərlərində kütləvi etiraz aksiyaları təşkil olunmuşdu.
Əhər şəhərində həmin aksiyalarla əlaqədar həbs edilən türk fəallar məhkəmə tərəfindən irəli sürülən “ölkənin intizam və təhlükəsizliyini pozmaq məqsədilə rejimə müxalif dəstələrə üzv olmaq”, “daxili təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və sözləşmə” və “ölkənin ümumi intizam və təhlükəsizliyini pozmaq məqsədilə rejimə müxalif dəstələr təşkil və idarə etmək” kimi ittihamlardan suçlanaraq 7 ilə 10 ay həbsə məhkum edilmişdi.
Əbulzadə hökmlə bağlı Apellyasiya Məhkəməsinə şikayət versə də, məhkəmə ilkin hökmü qüvvədə saxlayıb.