Müxalif TV: Mossad SEPAH-ın daha bir komandirini İranda istintaq edib

Mərkəzi Londonda olan “İran İnternational” televiziyası SEPAH-ın daha bir yüksək rütbəli komandirinin İranda Mossad tərəfindən istintaq edildiyini iddia edib.
Müxalifət televiziyası “eksklüziv” xəbərində bildirib ki, İnqilab Keşikçiləri Korpusunun logistika üzrə komandir müavininin köməkçisi olan Yədullah Xedməti Mossad məmurları tərəfindən İranda saxlanılıb və bir neçə saat sorğu-sual edilib.
Qeyd olunur ki, Xedməti dindirilmə zamanı, İrandan Suriya, İraq, Livan və Yəmənə silah göndərilməsi ilə bağlı məlumatlar verib.
Dindirmə zamanı lentə alınan və İran İnternational tərəfindən əldə edilən videoda o, SEPAH-ın logistika bölməsindəki rolunu və bu idarənin komandiri Əli Əsğər Novruzi ilə əlaqələrini təsdiq edərək, İranın təmsilçi qüvvələrinə silah göndərməkdə etdiyi fəaliyyətə görə təəssüfləndiyini bildirdi.
O həmçinin öz həmkarlarından belə fəaliyyətlərdən çəkinmələrini xahiş edir.
İran İnternational-ın məlumatına görə, dindirildikdən sonra SEPAH zabiti sağ-salamat buraxılıb və evinə qayıdıb.
Hadisənin təxminən bir ay əvvəl baş verdiyi bildirilir.