İsrail İranın Suriyadakı bazalarına raket zərbələri endirib

Suriya insan Haqları Monitorinq mərkəzi bildirib ki, Suriyada İsrail hücumunun nəticəsində İranın PUA istehsalı mərkəzi tamamilə dağıdılıb.
Hücumda həmçinin SEPAH-ın bir silah anbarının məhv edildiyi bildirilib.
Suriyanın dövlət xəbər agentliyi İsrailin Dəməşq yaxınlığındakı hədəflərə hücumu nəticəsində 3 əsgərin öldüyünü, daha 7-nin isə yaralandığını qeyd edib.
Suriyanın müdafiə nazirliyi isə, hücumun səhər saatlarında həyata keçirildiyini, İsrail qüvvələrinin Qolan yüksəkliklərindən raket atəşi ilə Dəməşq kənarındakı hədəflərə hücum etdiyini açıqlayıb.
İsrail rəsmiləri, ümumiyyətlə bu kimi hücumlar haqqında şərh vermirlər, ancaq İsrail mətbuatı bildiriblər ki, bu gün səhər saatlarında Suriya ordusu və İrana bağlı yaraqlıların Dəməşq ətrafında yerləşən mövqelərinə dörd hücum gerçəkləşdirilib.
Qeyd edək ki, bu, iyul ayında İsrailin Suriyada yerləşən hərbi bazalarına sayca üçüncü hücumudur.