Kürd partiyası yenidən Azərbaycana qarşı ərazi iddiası irəli sürüb

İranın Kürdüstan Demokrat Partiyasının əlaqələr bölməsinin məsulu Məhəmmədqadir Salehi “Tişək” televiziyasına verdiyi açıqlamada Qərbi Azərbaycan əyalətinin adını təhrif edərək “Urmiya əyaləti” adlandırıb.

“Urmiya Kürdüstan coğrafiyasının bir parçasıdır və bütün kürdlər pantürkizm qarşısında birləşməlidir”-deyə, kürd partiyasının nümayəndəsi bildirib.

Adı çəkilən televiziyada Qərbi Azərbaycan əyalətində və əyalətin Makı mahalının Avacıq bölgəsində “İslam Respublikası və pantürkizmin demoqrafik tərkibin dəyişdirilməsinə çalışdığı” iddia olunub.

Qeyd edək ki, bir müddət əvvəl İran-Türkiyə sərhədi yaxınlığındakı Avacıq bölgəsindən olan 3 nəfər kürd silahlıları tərəfindən atəşə tutulub.

Hadisə nəticəsində, illərdir ki, sərhəddən mal keçirməklə dolanan yerli əhalidən 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Hadisədən sonra, yerli əhalinin etirazları nəticəsində həmin köçəri tayfalar Avacıq yaylaqlarını tərk etməyə məcbur olublar.

 

İlgili xəbərlər