Moskva Tehrana Xəzərdə dəniz donanmasını artırmağa icazə vermir

İranın Nəqliyyat Müəssisələri Dərnəyinin İdarə Heyətinin üzvü deyib ki, Rusiya İrana Xəzər dənizində öz nəqliyyat donanmasının sayını artırmağa icazə vermir.

İranın İLNA xəbər agentliyinə müsahibə verən Məsud Daneşmənd bildirib ki, İranın şimal limanlarında yüklərin böyük hissəsi Rusiya gəmiləri tərəfindən daşınır.

O qeyd edib ki, Xəzər dənizində İran donanmasının artması Rusiyanın gəlirlərinə mənfi təsir edir və rusların İran donanmasının artırılmasına üzdə etirazı olmasa da, praktiki olaraq İran gəmilərinin fəaliyyətinə maneələr yaradırlar.

“Mal sahibi yükün İran gəmisi tərəfindən daşındığını əvvəlcədən Rusiya tərəfinə elan etməli və gəminin Rusiya limanlarına daxil olması və yükünü boşaltması üçün icazə almalıdır. Ruslar bu bürokratik prosesi çox mürəkkəb ediblər. Ona görə də, həmin şəxslər yüklərin daşınması üçün ruslar tərəfindən idarə olunan rus donanmasından istifadə etməyi tərcih edirlər”, – deyə Daneşmənd bildirib.

O əlavə edib ki, Xəzər dənizi marşrutu üzrə yükdaşıma tarifini ruslar müəyyən edir.

İlgili xəbərlər