Təbrizin Cümə İmamı: Ermənistanla sərhədin bağlanmasına dözməyəcəyik

Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali-Haşim ötən gün Təbrizdə cümə namazı xütbələrində İran lideri Əli Xameneinin Ermənistan sərhədi ilə bağlı çıxışını təkrarlayıb.
“Əgər İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti izlənilsə, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd neçə min illik əlaqə yoludur”, – deyə Ali-Haşim bildirib.
Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin danışıqları və Əli Xamenei ilə görüşlərinə toxunan təbrizli cümə imamı Qərbin regiondakı nüfuzunun zəiflədiyini iddia edib.
“Bu gün Amerika və Qərb əvvəlkindən daha da zəifləyib, böyük səylərinə baxmayaraq, bölgədəki siyasəti əhəmiyyətini itirib və ABŞ-ın regiondakı hegemonluğunun və siyasətlərinin qürub çağı başlayıb”, o əlavə edib.
Ali-Haşim amerikalıların həm zülmkar, həm də hiyləgər olduqlarını iddia edərək ABŞ və İsrailə söykənməyin yanlış olduğunu deyib.
Qeyd edək ki, Əli Xamenei iyulun 19-da özünün Tvitter hesablarında İran-Ermənistan sərhədinin bağlanmasına dair hər hansı bir siyasətin olduğu təqdirdə Tehranın buna qarşı çıxacağını yazmışdı.
Xameneinin həmin sərhədi neçə min illik əlaqə yolu adlandırması reaksiyalara səbəb olmuşdu.