İran rəsmisi: Şimal ölkələri ilə əlaqə üçün Ermənistan marşrutunu Azərbaycanla əvəz etmək istəyirik

İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini ölkəsinin Ermənistanda yol tikintisi layihələrində iştirak edərək, şimal ölkələrinə çıxışını təmin etmək və Azərbaycan marşrutunu əvəz etmək istədiyini bildirib.

Əlirza Peymanpak bu sözləri Ermənistanın İqtisadiyyat nazirinin müavininin iştirakı ilə keçirilən iqtisadi-texniki əməkdaşlıq üzrə İran-Ermənistan müştərək işçi qrupunun iclasındakı çıxışı zamanı deyib.

“Ermənistanın İqtisadiyyat naziri İran şirkətlərinin işləri ilə tanış olub. İran Ermənistanda yol tikintisi layihələrində iştirak etmək istəyir, çünki bu, bizim şimal ölkələrinə çıxışımızı təmin edəcək və Azərbaycan marşrutunu əvəz edəcək”, – deyə o bildirib.

İranlı nazir müavini həmçinin əlavə edib ki, iki ölkənin ticarət əlaqələri üçün “alternativ bank strukturları” hazırlanıb və İranın “Mellat” bankı bu sahədə erməni tacirlərlə əməkdaşlıq edəcək.

Peymanpak iki ölkənin mədən sahəsində əməkdaşlıq etdiklərini də xatırladaraq əlavə edib ki, İran Ermənistanda su bəndləri layihələrində iştirak etməyə, eləcə də bu ölkə ilə birgə sənaye parkları tikməyə maraqlıdır.

Görüşdə 4 İran şirkətinin Ermənistanda dəmir yolunun tikintisinə hazır olduqlarını qeyd edən Ermənistanın İqtisadiyyat nazirinin müavini isə deyib ki, “quru yol marşrutları, Cənub-Şimal dəhlizi İrəvan üçün önəmlidir və Ermənistan tərəfi bu sahəyə sərmayə qoymağa hazırdır”.

O, həmçinin dəniz nəqliyyatının inkişaf etdirilməsinin zəruriliyinə toxunaraq qeyd edib: “Ermənistan hökuməti Xəzər dənizi üzərindən yükdaşıma məsələsini nəzərdən keçirir. Eləcə də, İran limanlarından Rusiyaya yüklənmə təmin edilməlidir. Orta Asiya və Rusiyaya yüklərin təhlükəsiz daşınması üçün İranın şimal limanlarının köməyi lazımdır”.

İlgili xəbərlər