İran rəsmisi: Urmu gölünü tam bərpa etmək mümkün olmaya bilər

İranın Energetika Nazirliyinin rəsmisi Urmiya gölünün quruyan tam ərazisinin bərpa etməyinin mümkün olmayacağı ehtimalından danışıb.

Energetika Nazirliyinin Urmiya su hövzəsi idarəsinin rəhbəri Məsud Bağırzadə Kərimi deyib: “Ola bilsin ki, daha bütün gölü canlandıra bilməyək ancaq onun bir hissəsi şübhəsiz ki bərpa oluna bilər”.

O, həmçinin deyib ki, “iqlimin dəyişdiyini, eləcə də bütün sektorlarda su istehlakının artdığı gerçəyini qəbul etməliyik”.

Bağırzadə Kəriminin sözlərinə görə gölün hansı hissəsinin bərpasının öncəlik olduğu haqda hələlik qərar verilməyib:

“Çoxlu ekspert müzakirələri oldu və nəhayət, belə qənaətə gəldik ki, “su özü qərar verəcək” və bunun üçün süni arakəsmələr etməyə ehtiyac yoxdur”.

O qeyd edib ki, gölün su ilə tam dolmayan sahələrində, hansı ki, mövsümi daşqınların torpağı kifayət qədər nəmləndirir bitki örtüyü əkiləcək.

Beləcə də, həmin bölgələrdə duz fırtınalarının qarşısı alınacaq.

Qeyd edək ki, bir müddət əvvəl Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün artıq 95%-inin quruduğunu bildirmişdi.

İlgili xəbərlər