Iranın eks-prezidentinin etniklər üzərindən təbliğat kampaniyası +VİDEO

Populist çıxışları ilə tanınan İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Zəncan əyalətinə səfəri zamanı dediyi sözlər növbəti dəfə qalmaqal yaradıb.
Zəncan əyalətinin Sultaniyyə şəhərində çıxış edən Əhmədinejad deyib:
“Biz fəxr etməliyik ki, İbrahim peyğəmbər milliyyətcə İranın təmiz xalqlarından sayılan kürd olub, tanrının ulu peyğəmbəri Zərdüşt isə böyük İranın azəri (azərbaycanlı) xalqındandır”.
Əhmədinejadın bu çıxışı sosial şəbəkələrdə geniş paylaşılıb və qeyri-fars istifadəçilərin reaksiyasına səbəb olub.
Urmiyada fəaliyyət göstərən “Carçı” xəbər səhifəsi Əhmədinejadın çıxışını belə dəyərləndirib:
“Bu günlərdə etnik qrupların ölkənin gələcəyində həlledici rol oynayacağını bilən Əhmədinejad hakimiyyətə qayıtmaq üçün onları, xüsusilə də türkləri razı salmaq üçün hər cür səy göstərir. Ancaq bu kampaniyasını gülünc və uşaqcasına irəli aparır.
Onun prezidentliyi dövründə hökumət orqanı sayılan “İran” qəzetində türkləri təhqir edildi. Bununla yanaşı, türklərin əsas hüquqları, o cümlədən də ana dilində təhsil hüququ təmin olunmadı, mediaya ciddi məhdudiyyətlər tətbiq edildi…”