İran və Türkiyə elektrik infrastrukturunu inkişaf etdirir

İranın energetika naziri Əli Əkbər Mehrabiyan bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana son səfəri zamanı iki ölkə arasında elektrik enerjisi infrastrukturunun inkişafı müzakirə olunub.
İran dövlət televiziyasına danışan energetika naziri ölkənin enerji və elektrik sahəsində “diplomatiya fəaliyyətləri” haqqında məlumat verib.
“Türkiyə ilə imzalanan enerji müqaviləsi çərçivəsində İranın üç mühüm nöqtəsindən Türkiyəyə elektrik ixracı həyata keçiriləcək. Bunun üçün Xoy-Van, Xoy, Başkale və Bazərqan-Doğubəyazıt bölgələri seçilib”, – deyə o əlavə edib.
Enerji sahəsində diplomatiyanın İran üçün strateji əhəmiyyət kəsb etdiyini bildirən nazir deyib: “Bu mövzuda region ölkələri ilə əməkdaşlığı artırmaq üçün siyasətlər gəlişdiririk”.
İranın Qərbi Asiyada elektrik infrastrukturu baxımından irəli səviyyədə olduğunu qeyd edən Mehrabiyan ölkəsinin geosiyasi və coğrafi cəhətdən elektrik enerjisi ixracı üçün mühüm və strateji mövqedə olduğunu vurğulayıb.
Qeyd edək ki, iranlı nazirin iddialarına baxmayaraq ölkə xüsusilə yay aylarında elektrik enerjisi çatışmazlığı ilə üz-üzə qalır və sənaye müəssisələrinə elektrik tədarükünü məhdudlaşdırır.
İranın Enerji Nazirliyinin keçən ay yaydığı hesabatda cari ilin aprel- may ayları ərzində ölkənin elektrik ixracında 73 faiz azalmanın olduğu bildirilir.
Belə ki, İranın göstərilən müddət ərzində elektrik enerjisi ixracatı 434 milyon kilovat saat təşkil edib. Bu isə ötən ilin oxşar dövründə qeydə alınan göstəricinin 3/1- i qədərdir.
Həmin aylar ərzində İranın idxal etdiyi elektrik enerjisinin həcmi isə iki dəfə artaraq 688 milyon kilovat saata yüksəlib.