İran: Keçən həftə tutulan Mossad agentləri kürd qruplaşması üzvü idilər

İran iyulun 23-də saxlanılan və İsrail agenti olduğu iddia edilən şəxslərin kürd Komele qruplaşmasının üzvləri olduğunu iddia edib.
Məlumata əsasən, qərargahı İraq Kürdüstanında olan İran Kürdüstan Komele Partiyasının üzvlərindən ibarət şəbəkə ölkədəki həssas müdafiə mərkəzinə hücum planlaşdırırdılar.
Kəşfiyyat nazirliyinin açıqlamasında iddia olunur ki, həmin şəxslər Komele təşkilatının lideri Abdullah Muhtədi tərəfindən xüsusi olaraq seçilərək Mossad zabitlərinə tanıdılıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın “Nur News” saytı daha əvvəl həmin şəbəkənin İsfahan əyalətində ölkənin əhəmiyyətli sənaye mərkəzlərindən birinə bomba yerləşdirdiyini, partlayışın son anda qarşısının alındığını iddia edib.
İranın Kəşfiyyat nazirliyi iyulun 23-də terror və təxribat hücumları həyata keçirmək üçün ölkəyə sızan İsrailin kəşfiyyat agentliyi Mossad-a bağlı casusların tutulduğunu iddia etmişdi.
Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada deyilir:
“Terror hücumları həyata keçirmək üçün İraq Kürdüstanından ölkəyə daxil olan Sionist rejimin casusluq təşkilatına bağlı agentlər şəbəkəsinin bütün ünsürləri planlaşdırdıqları eyləmləri gerçəkləşdirmədən əvvəl kəşfiyyat məmurları tərəfindən təsbit edilərək saxlanılıb”.