Keçmiş vali: İran rəsmiləri Azərbaycana ögey bölgə kimi baxırlar + VİDEO

Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədəli Subhanullahinin İran hökumətinin Azərbaycan bölgələrinə yad münasibəti və ayrı-seçkiliyi barədə çıxışı sosial mediada geniş yayılıb.
Təbrizin “Nəsr news” xəbər saytına verdiyi müsahibədə Subhanullahi Şərqi Azərbaycan əyalətinə önəmli sərmayə qoyulmadığını, bu əyalətin başqa bölgələrə nisbətən ayrı-seçkiliklə üzləşdiyini deyib.
Subhanullahi bu günədək əldə edilən uğurların yalnız Azərbaycanın özünün qazandığını, bunun mərkəzə aidiyyəti olmadığını söyləyib.
“Bir vaxtlar Təbrizdə 10 xarici ölkənin baş konsulluğu var idi. Bu gün bu say ikiyə enib”-deyə, keçmiş vali əlavə edib.
O həmçinin İranın rəhbəri Əli Xameneinin indiki baş müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayətinin Azərbaycana sərmayə qoyuluşunun yanlış olduğu fikrini xatırladıb.
Subhanullahinin də vurğuladığı kimi Vilayəti və digər rəsmilər Azərbaycana sərmayə qoymağa qarşı çıxmalarını bu bölgənin İran tərkibində qalıb-qalmayacağının şübhə altında olduğu ilə əlaqələndirirdilər.