Ukraynada müharibə davam edərkən İranın Rusiyaya dəstəyi artır

Rusiyanın Ukraynaya təcavüzü davam edərkən, Rusiya prezidenti Vladimir Putinin Tehrana səfərindən bir həftə sonra nəşr olunan xəbərlər Tehranın Moskvaya logistika dəstəyinin genişləndirilməsini göstərir.
İran Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi iyulun 26-da İran və Rusiya arasında uçuşların həftədə 35-ə çatdırılması üçün anlaşma memorandumunun imzalandığını açıqlayıb.
Bu müqavilə Rusiyanın nəqliyyat nazirinin müavini ilə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi arasında imzalanıb.
Qeyd edək ki, İslam Respublikası son illərdə bir çox hərbi missiyalarını – o cümlədən də başqa ölkələrə silah göndərmək – mülki və sərnişin təyyarələri vasitəsilə həyata keçirir.
İranın Mülki Aviasiya Təşkilatının sözçüsü bildirib ki, bu razılaşmaya əsasən, iki ölkənin hava yolları şirkətlərinə “limitsiz” yük daşıma uçuşları həyata keçirmələri üçün icazə verilir.
Rəzəvi əlavə edib ki, İran və Rusiya arasında “İranda istehsal olunan ehtiyat hissələri və avadanlıqların Rusiyaya ixracı, eləcə də rus təyyarələrinə İranın təmir mərkəzləri tərəfindən texniki dəstək verilməsi” üçün daha bir müqavilə imzalanacaqdır.
Son həftələrdə bir sıra Amerika rəsmiləri Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün İrandan Rusiyaya hərbi texnika, xüsusilə pilotsuz təyyarələrin göndərilməsi barədə xəbərdarlıq ediblər.