İranda oğurluqda ittiham olunan məhbusun barmaqları kəsilib

İnsan Haqları Təşkilatlarının İran hökumətinə ölkə həbsxanalarında məhbusların bədən üzvlərinin kəsilməsinə dair cəza hökmlərinin dayandırılması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, hələ də bu hökmlərin icrası ilə bağlı xəbərlər yayılır.
Mədəni aktivist və keçmiş siyasi məhbus Arəş Sadiqi öz Tvitter hesabında bildirib ki, daha əvvəl oğurluqda ittiham olunaraq həbs edilən məhbusun barmaqlarının kəsilməsi hökmü iyulun 27-də Tehranın Evin zindanının səhiyyə mərkəzində icra edilib.
Fəalın bildirdiyinə görə, bu, mayın 31-dən bəri Tehran zindanında barmaqların kəsilməsi ilə bağlı icra edilən ikinci hökmdür. Qeyd edilən tarixdə Evin zindanında Bərat Hüseyni adlı məhbusun da bir əlinin 4 barmağı kəsilmişdi.
Sadiqi bir müddət əvvəl üç məhbusun amputasiya cəzasının icrası üçün Urmiyadan Tehrana transfer olunduğunu yazmışdı.
Hadi Rostami, Mehdi Şahivand və Mehdi Şarafyan adlı şəxslər yoxsul ailədəndirlər. Onların 2020-ci ildə məhkum edildiyi deyilir, o zaman Amnesty International məhkəmələri “aşırı ədalətsiz” adlandırıb. Bu məhbuslara bildirilib ki, cihaz hazır olan kimi hökmlər icra ediləcək.
Şəriət qaydalarına görə, təkrar oğurluğa görə barmaqlar kəsilir. Ancaq son 40 ildə amputasiya cəzaları nadir hallarda icra olunub.
Vaşinqtonda yerləşən “Abdorrahman Boroumand Center for Human Rights in Iran” (ABC) təşkilatının iddiasına görə, “1979-cu il İslam İnqilabından bəri İranda azı 356 amputasiya hökmü icra edilib.”
İnsan haqları fəalları İranda amputasiya və şallaq kimi cəzaları daim pisləyib, bunun beynəlxalq qanunları pozduğunu, işgəncə və qəddar rəftara bərabər olduğunu deyib.
2018-ci ildə bir neçə kənddən mal-qara və digər dəyərli şeylər oğurlamaqda təqsirli bilinən bir kişinin əli kəsilmişdi. AI amputasiyanın işgəncəyə bərabər olduğunu, beynəlxalq qanunla cinayət sayıldığını bildirib.