İranda sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb + VİDEO

İranın müxtəlif əyalətlərində baş verən sel daşqınları nəticəsində 30-a yaxın insan həyatından olub.
İran mətbuatının verdiyi məlumata görə, son iki gündə sel daşqınları nəticəsində təkcə 4 əyalətdə – Sistan-Bəluçistan, Tehran, Fars və Mərkəzi – 27 nəfər ölüb, 27 nəfər isə itkin düşüb.
Həmçinin bildirilib ki, Sistan və Bəlucistan, Tehran, Fars, Kirman, Hormuzqan, Qum, Semnan, Mazandaran, Yəzd, Şərqi Azərbaycan, Cənubi Xorasan, Gülüstan, İsfahan, Buşehr, Kohgiluye -Boyer Əhməd, Çaharmahal -Bəxtiyari və Mərkəzi daşqınlardan ən çox maddi ziyan görən əyalətlərdir.
Sosial mediada Yəzd əyalətinin Təft şəhərinin kəndlərindən birində sel daşqınlarının avtomobilləri tamamilə yararsız hala saldığını göstərən video yayılıb.
Qeyd edək ki, İranın bir neçə əyalətində iyulun 27-i axşam saatlarından başlanan güclü yağış nəticəsində sel daşqınları baş verib, bir neçə su bəndi dağılıb.
Bəzi bölgələrdə, o cümlədən Tehranın İmamzada Davud məntəqəsində seldən sonra baş verən torpaq sürüşməsi daha çox insanın itkin düşməsinə yol açıb. Rəsmilər İmamzada Davudda itkin düşən 19 nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirirlər.