İranın xüsusi xidmət orqanlarına yaxın olan ekspertdən anti-Azərbaycan paylaşım

Daim anti-türk çıxışları ilə gündəmə gələn İranın “Prezident Aparatı nəzdində Strateji Araşdırmalar Mərkəzi”nin əməkdaşı, təbrizli jurnalist və “ekspert” Salar Seyfəddini ingilis dilində təxribat xarakterli tvit paylaşıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehirli nağılları” kitabı ilə bağlı paylaşımına münasibət bildirən Seyfəddini yazıb:

“Son bir neçə həftədə bəzi siyasi cərəyanlar İsrail səfirinin müvazinətini itirməsinə və çılğın şəkildə miniatür kitabı təbliğ etməsinə səbəb oldu. Birincisi, “Salam Komandir” mahnısının Bakıda geniş qəbulu, ikincisi isə İranın ali liderinin Ərdoğan və Putinlə görüş zamanı İran və Ermənistan arasındakı sərhədin qırmızı xətt olduğunu vurğulaması”.

İranın xüsusi xidmət orqanları ilə yaxın əməkdaşlığı olduğu iddia edilən jurnalist əlavə edib ki, “bu iki məsələnin yaratdığı qəzəb İsrailin Azərbaycandakı səfirini İrana qarşı olduğunu zənn etdiyi, lakin əslində İranın milli tarixi və dastanının bir parçası olan bir kitabı reklam etməsinə səbəb olub”.

“Daha da önəmlisi odur ki, israillilər kitabın bütün nüsxələrini alıblar. İranda hamı Corc Dikin axmaqlığından danışır və buna gülür. Onun Bakıda İranın milli dastanını (Şahnamə) yaymaq cəhdi İranın mədəni diplomatiyasının bəzi zəif cəhətlərini bilmədən də olsa kompensasiya edib”,-deyə ekspert iddia edib.

Xatırladaq ki, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olmuşdu. İran səfiri və səfirliyi öz rəsmi Tvitter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab vermişdi.

İlgili xəbərlər