Azərbaycanda avtomobil istehsalına icazə verilmir

“Şərqi Azərbaycan Avtomobil və Mühərrik Assosiasiyası”nın başçısı əyalətdə avtomobil istehsalına icazə verilmədiyini açıqlayıb.
Azərbaycanlı sahibkarların İranın Sənaye Nazirinin müavini ilə keçirilən iclasında çıxış edən Rza Paşayı mərkəzi hökumətin Şərqi Azərbaycana qarşı siyasətlərini tənqid edib.
“Nə zamana qədər “İran Xodro”nun (İranın ən böyük avtomobil istehsal edən şirkəti) avtomobilləri iri yük maşınları (TIR) ilə Təbrizə gətiriləcək və burada yalnız boltları bağlanacaq” , – deyə o bildirib.
Təbrizli sahibkar bildirib ki, “əgər nazirlik əyalətdə avtomobil istehsalı ilə razı deyilsə, onu istədiyi yerə aparsın ya da Azərbaycanda bütün istehsal xəttinin yaradılmasına icazə versin”.
“Burada güclü ana sənayelər var və avtomobil hissələri istehsalçıları “Maşınqayırma” və “Traktor” zavodları ilə birlikdə avtomobil istehsalının öhdəsindən gələ bilərlər”, -deyə Paşayi əlavə edib.
“Şərqi Azərbaycan Avtomobil və Mühərrik Assosiasiyası”nın başçısı son illər daha bir neçə sənaye müəssisəsinin Təbrizdən başqa əyalətlərə köçürüldüyünü, bir neçəsinin isə köçürülməsinə hazırlıq görüldüyü üçün fəaliyyətinin dayandırıldığını qeyd edib.
“Biz Təbrizdə “Soren” avtomobilinin sürət qutusunu istehsal etdik, amma iki ildir ki istehsal xəttini Qəzvinə köçürmək məqsədi ilə möhürləyiblər. “İdem” şirkəti də “Aysan” mühərrikini istehsal etdi, lakin onun istehsal xəttini də bağladılar”, – deyə o əlavə edib.
Paşayi həmçinin deyib:
“Mərkəzdə oturan avtomobil istehsalçılarının birtərəfli müqavilələri avtomobil hissələri istehsalçılarının belini qırıb. Müqavilələr tamamilə avtomobil istehsalçılarının xeyrinədir və hissələrin vaxtında çatdırılmasına baxmayaraq, ödənişlər çox gec və xüsusi şərtlərlə yerinə yetirilir”.