Ermənistan Təbrizdə konsulluq açmaq tələbini yenidən irəli sürüb

Ermənistanın İrandakı səfiri Arsen Avakyan Şərqi Azərbaycan əyalətinin valisi ilə görüşdə Təbrizdə Ermənistan konsulluğunun açılmasını istəyib.

İranın Ermənistanla qonşu əyalətlərinin (Şərqi və Qərbi Azərbaycan və Ərdəbil) İrəvan üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən səfir ölkəsinin Təbrizdə konsulluğunun açılması istəyini yenidən gündəmə gətirib.

İranın dövlət xəbər agentliyi İRNA-nın verdiyi məlumata əsasən, erməni səfir iki ölkənin əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırmaq istədiklərini qeyd edib.

“Biz iki ölkənin rəsmiləri və iş adamları arasında birbaşa görüşlərin təşkil edilməsinə hazırıq və Şərqi Azərbaycan rəsmilərini və sahibkarlarını Sünik vilayətinə səfərə dəvət edirik”, – deyə Avakyan əlavə edib.

O, Şərqi Azərbaycan əyalətini Ermənistan üçün ən qısa tranzit marşrutu adlandırıb.

“Bu əyalətdə istehsal olunan məhsulları almaq bizim prioritetlərimizdəndir”, -deyə Avakyan bildirib.

Araz çayının hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən erməni səfir iddia edib ki, Araza axıdılan zəhərli maddələrin yaratdığı ekoloji problemləri aradan qaldırmaq üçün Ermənistandakı mədənlərdən biri bağlanıb.

Görüşdə Şərqi Azərbaycan valisi Zeynəlabidin Abidin Xorrəm qeyd edib ki, İranın yeni hökumətində qonşu ölkələrlə iqtisadi münasibətlərin genişləndirilməsi ilə bağlı valilərə xüsusi səlahiyyət verilib.

O, Ermənistanın Sünik vilayəti ilə Şərqi Azərbaycan arasındakı ticarət və iqtisadi əlaqələrin artırılmasını istəyib.

“Ermənistanla birgə elm və texnologiya parkı yaratmağa hazırıq. Belə bir park yaradıldığı təqdirdə, ixracat mərkəzinə çevrilə bilər”, – deyə Abidin Xorrəm əlavə edib.

“Araz çayı bizim üçün xüsusi əhəmiyyət daşıyır və gözləntimiz odur ki, Ermənistan tərəfindən mədən tullantılarının yaratdığı çirklənməyə nəzarət üçün əsaslı tədbirlər görülsün”,-deyə vali vurğulayıb.

Ermənistan daha əvvəl də Təbrizdə konsulluq yaratmaq istəyini açıqlayıb.

Ən son iyunun 17-də Ermənistan parlamentinin sədri Alan Simonian İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşdə İrəvanın Təbrizdə Baş Konsulluğunun yaradılmasına hazır olduğunu bildirmişdi.

İlgili xəbərlər