İran İsveç vətəndaşını “casusluq” ittihamı ilə “girov” götürüb

İranın Kəşfiyyat Nazirliyi bir İsveç vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.

Nazirliyin iddiasına görə, saxlanılan şəxs əvvəllər İrana etdiyi bir neçə səfər zamanı bəzi şübhəli davranışları və əlaqələrinə görə, sözügedən nazirlik tərəfindən nəzarətə götürülüb.

İran kəşfiyyat Nazirliyinin açıqlamasında bildirilir ki, həmin İsveç vətəndaşı bir neçə ay əvvəl və “başqa bir avropalı casusun həbsindən sonra” həmin casusun kimliyini və ifşa olunan məluamatları dəqiqləşdirmək məqsədilə yenidən ölkəyə daxil olub.

“Son səfərində bütün sübutların toplandığından sonra İrandan çıxarkən məhkəmə qərarı ilə saxlanılıb”, -deyə Kəşfiyyat Nazirliyinin bəyanatında bildirilib.

İnsan haqları təşkilatları İran dövlətini Avropada terrorda və cinayətdə ittiham olunaraq saxlanılan vətəndaşlarını buraxdırmaq üçün Avropa vətəndaşlarını casusluq kimi saxta ittihamlarla həbs edərək girov götürməkdə günahlandırırlar.

Xatırladaq ki, bir müddət əvvəl İsveç məhkəməsi keçmiş iranlı prokuror köməkçisi Həmid Nurini ömürlük həbsə məhkum edib.

Bu səbəbdən də İsveç vətəndaşının Həmid Nuri ilə dəyişdirilmək məqsədi ilə girov götürüldüyü ehtimal edilir.

İlgili xəbərlər