İran tezliklə Rusiyanın “Mir” ödəniş sisteminə qoşulacaq

İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini  İslam Respublikasının yaxın zamanda Rusiyanın “Mir” ödəniş sisteminə qoşulması ehtimalından danışıb.

“Tehran və Moskva SWIFT əvəzinə alternativ maliyyə mübadilə sistemini təklif ediblər və bununla bağlı demək olar ki, razılığa gəliblər”, – deyə Mehdi Səfəri bildirib.

O əlavə edib ki, İranda Rusiyanın “MİR” kredit kartından istifadə edilməsi qərara alınıb.

“Düşünürəm ki, (bu kart) tezliklə İranda aktivləşdiriləcək”, –  deyə iranlı diplomat qeyd edib.

“Mir” Rusiya Mərkəzi Bankı tərəfindən 1 may 2017-ci ildə qəbul edilən qanunla qurulan beynəlxalq ödəmə sistemidir. Sistemdə hesablaşmalar rublla həyata keçirilir. Hazırda əksər Rusiya şirkətləri bu sistemlə çalışır.

Bu il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə qarşı Qərb ölkələrinin sanksiyaları genişlənib. Rusiyanın bir çox bankı SWIFT sistemindən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı da “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi barədə müzakirələr aparıldığını açıqlayıb.

AMB-nin baş direktoru Fərid Osmanov bildirib ki, bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.

İlgili xəbərlər