İran yenidən nüvə bombası yaratmaq imkanının olduğunu iddia edib

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə silahı əldə etmək üçün texniki imkanlarının olduğu iddiasını təkrarlayıb.

“Bizim nüvə bombası hazırlamaq üçün texniki potensialımız var. Lakin belə bir proqramımız yoxdur”, – deyə İslami bildirib.

İsrailin İranın nüvə proqramı ilə bağlı “əsassız iddialarla” ictimai rəyi çaşdırmağa çalışdığını deyən İslami, əlavə edib ki, “İsrailin bu əsassız ittihamları narahatlığa səbəb ola bilər, lakin heç bir nəticə verməyəcək. Çünki İran olaraq nüvə sahəsində irəliləyiş əldə etdik və irəliləməyə davam edəcəyik”.

Onun bu açıqlamaları son həftələrdə bir neçə İran rəsmisinin İslam Respublikasının atom silahı əldə etmək imkanının olması ilə bağlı açıqlamalarından sonra yayılıb.

Ölkənin ali lideri Əli Xameneinin müşaviri və İran Xarici Əlaqələrinin Strategiyası Şurasının sədri Kamal Xərrazi də neçə gün əvvəl bənzər açıqlama vermişdi:

“Heç kəsə sirr deyil ki, bizim nüvə silahı əldə etmək üçün texniki gücümüz var, lakin bununla bağlı qərar qəbul etməmişik. Təkcə bir neçə gün ərzində uranın zənginləşdirilməsini 20%-dən 60%-ə çatdırmışıq və bunu rahatlıqla 90%-ə də yüksəldə bilərik”.

İslami həmçinin İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığın davam etdiyini və heç bir problem olmadığını qeyd edib.

Onun sözlərinə görə, MAQATE İranın nüvə obyektlərini təftiş edə bilir və istədiyi məlumatı ala bilir.

“Nüvə sazişinin imzalanmasının səbəbi İranın nüvə fəaliyyətinə qarşı bütün şübhə və ittihamları aradan qaldırmaq idi. Buna görə də biz nüvə proqramımızı məhdudlaşdırmağı və nüvə obyektlərimizə ağır nəzarəti qəbul etdik. İndi isə, nüvə sazişini canlandırmağa çalışarkən, Qərb ölkələri keçmişdəki saxta ittihamlarını yenidən gündəmə gətirməyə başlayıblar”, – deyə o iddia edib.

İlgili xəbərlər