Səudiyyə Ərəbistanı tədqiqat mərkəzi: Tehran türklərin silahlı üsyanından qorxur

Səudiyyə Ərəbistanı krallığında fəaliyyət göstərən “Rəsa” tədqiqat mərkəzi Tehran-Bakı əlaqələri fonunda İranda yaşayan türklərin vəziyyəti ilə bağlı tədqiqi məqalə dərc edib.
Müəssisə “Qarabağ müharibəsindən sonra geosiyasi proseslərin İran Azərbaycanı türklərinə təsiri” adlı yazıda İranda yaşayan azərbaycanlıların vəziyyətinə müxtəlif amillərin, o cümlədən Tehranla Bakı arasında yaranmış gərginliyin, eləcə də regionda və dünyada baş verən proseslərin təsirini nəzərdən keçirib.
Araşdırmanın müəllifi Nəvid Əhməd İranla ölkədə yaşayan azərbaycanlılar arasında əlaqələrdəki problemləri sadalayıb və onların mərkəzi hökumətlə əlaqələrinin tarixçəsini araşdırıb. O, bu eniş-yoxuşlu əlaqələrin necə son onilliklərdə İranın şimal-qərbində baş verən kütləvi etirazlarla nəticələndiyi tədqiq edib.
Yazının davamında müəllif Qarabağ müharibəsinin Tehran-Bakı əlaqələrinə, habelə müharibənin İranda yaşayan türklərə təsirinə toxunub.
Müəllif iddia edib ki, rəsmi Tehran İran türklərinin Türkiyə və İsrailin, eləcə də digər xarici qüvvələrin yardımı ilə silahlı üsyana əl ata bilməsindən narahatdır.
Yazıda həmçinin qeyd edilir ki, Bakı və Tel-Aviv arasında hərbi əlaqələr daim Tehranı narahat edib və İran rəsmiləri “İranda şiə cəmiyyətinin birliyinin və bütövlüyünün” “pantürkizm” məfkurəsi qarşısında sarsıla biləcəyi ehtimalını düşünür.
Navid Əhmədin fikrincə, Azərbaycanın Ermənistan üzərində qələbəsi İran türkləri arasında “etnik duyğuların” çiçəklənməsinə səbəb olsa da, “rəhbərliyin olmaması və həmçinin bu hərəkatlara xaricdən dəstək verilməməsi” səbəbindən bu hisslər bir müddət sonra səngiyib.