İran İrəvanın Göy Məscidində sərgi keçirir + VİDEO

İrəvanın Göy Məscidində İranın ilk mədəniyyət, sənətkarlıq və geyim sərgisinin açılış mərasimi keçirilib.
“Cəvam” brendinin təşəbbüsü ilə keçirilən sərgi İranın Ermənistandakı səfirliyi və mədəniyyət mərkəzinin dəstəyi ilə həyata keçirilib.
İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının mətbuat xidmətindən verilən məlumata əsasən, dünən keçirilən açılış mərasimində İranın Ermənistandakı səfiri və Mədəniyyət mərkəzinin rəhbəri də iştirak ediblər.
Bir həftə davam edəcək sərgidə Şərqi Azərbaycan, Mazandaran, Rəzəvi Xorasan və Tehran əyalətlərindən olan sənətkarlar əl işləri, geyim və əllə hazırlanan ənənəvi bəzək əşyaları kimi məhsullarını sərgi iştirakçılarına nümayiş etdirəcəklər.
Bu sərgi çərçivəsində İran incəsənəti ilə maraqlanan xanımlar üçün geyim və çadraların tikilməsi üzrə kursların təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, müsəlman olmayan erməni xanımların hicabsız şəkildə məscidə daxil olması, Cəvam müəssisəsinin rəhbərinin erməni mediasına verdiyi müsahibədə Azərbaycan adını çəkməmək üçün Şərqi Azərbaycan əyalətini Təbriz əyaləti kimi təqdim etməsi güney azərbaycanlı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.